İncəsənət
İncəsənət

Bu dəfə qəhrəman Müqəvvadır

Bu dəfə qəhrəman Müqəvvadır

Azərbaycan Dövlət Kukla Teatrında yeni səhnə əsərinin məşqlərinə başlanılıb.

Slovakiya  yazıçısı Yaroslav Vadorajkanın “Müqəvva” pyesi (tərcümə edən Zümrüd Quliyeva) əsasında “Leylək və Müqəvva” əsərinin məşqlərinə başlanılıb.

Birhissəli uşaq tamaşasını teatrın quruluşçu rejissoru Müşfiq Əliyev hazırlayır.

Uşaqlarda təbiətə, heyvanlara sevgi və diqqət aşılayan maraqlı səhnələrlə zəngin nümunənin quruluşçu rəssamı Rəvanə Yaqubovadır.

Musiqi tərtibatlı yeni səhnə işində biri canlı plan (Müqəvva) olmaqla ümumilikdə 15-dən artıq müxtəlif ölçülü kukladan istifadə olunub.

Tamaşada personajları Elnur Xəlilov (Müqəvva), Əməkdar artist Cəmilə Allahverdiyeva (Balaca Leylək), Nərmin Əhmədova (Sərçə, Leylək), Samirə Nəcəfova (Tülkü, Leylək) və Yusif Baxşəliyev (Külək, Leylək, Ağac) canlandırırlar.

Təbiət və insan tandemini ön plana çıxaran nümunədə uşaqlar həm əylənəcək, həm də fərqli və maraqlı səhnə həlli vasitəsilə, bir növ, təbiətlə təmasa nail olacaqlar. Sözsüz ki, səhnənin və tərtibatın imkanları çərçivəsində.

Tamaşanın hekayəti bir az hüznlü, daha doğrusu, ibrətamiz hadisə ilə başlayır. Belə ki, əkin-biçin mövsümünün bitməsi ilə əlaqədar tarlada tərk edilən, sahibi tərəfindən taleyin hökmünə buraxılan Müqəvva bu sonluq ilə barışmaq istəmir. Özünü gərəksiz hiss etmək, insanların etibarsızlığı ilə qarşılaşmaq onu çox incidir və illərlə qoruduğu əkin sahəsini tərk etməyə qərar verir.

Küləyin köməyi ilə buna nail olan küskün Müqəvva yad yerlərə yol alır. Bu zaman isti ölkəyə köçə hazırlaşan leyləklərlə rastlaşır. Sırasından geri qalan, dəcəl uşaqlar tərəfindən atılan daşa görə qanadı qırılan balaca leyləyi sağaltmaq qərarına gəlir. Bütün qışı qurumuş ağacın iri gövdəsində daldalanan Müqəvva və balaca Leylək nəhayət baharın gəlişinə sevinirlər. Budur, artıq Leylək öz dəstəsinə qoşula bilər.

Bu nəticədən məsud olan Müqəvva sonda anlayır ki, ətrafa yararlı olmaq üçün tarladan da başqa yerlər var. Beləcə o Küləyə qoşularaq yeni yerləri kəşfə davam edir.

Klassik kukla tamaşaçı üslubunda hazırlanan tamaşa aprelin sonlarında teatrsevərlərin ixtiyarına veriləcək.