İncəsənət
İncəsənət

Akademik Milli Dram Teatrında yeni tamaşa - “Baş”

Akademik Milli Dram Teatrında yeni tamaşa - “Baş”

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı Elçinin “Baş” romanı əsasında eyniadlı tamaşa hazırlanır. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru və səhnələşdirmənin müəllifi Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, geyim üzrə rəssamı Vüsal Rəhim, bəstəkarı Azər Hacıəsgərli, rejissor assistentləri Ceyran Başaran və Nərmin Həsənovadır.

OLAY yazır ki, tamaşada Xalq artistləri Rafiq Əzimov (Molla Müzəffər ağa), Hacı İsmayılov (Münşi Məşədi Həsənağa), Kazım Abdullayev (Hüseynqulu xan), Əməkdar artistlər Füzuli Hüseynov (Knyaz Sisianov), Vəfa Rzayeva (Çariça Mariya), Elnar Qarayev (Mahmud bəy), Anar Heybətov (Dilmanc Şərif bəy), Rövşən Kərimduxt (Fətəli şah), Kazım Həsənquliyev, (Hacı Muxtar), Elxan Quliyev (Həmdulla), Elşən Rüstəmov (İvan Petroviç Lazarev), Mətləb Abdullayev (Polkovnik fon Qrenfald), Ayşad Məmmədov (Mirzə Məhəmməd Əkbari), aktyorlar Elçin Əfəndi (Cavad xan), Rüstəm Rüstəmov (İbrahim xan), Cümşüd Zeynalov (Xacə Əbdül Rəhman), Cavidan Novruz (Qurd Kərim), Tural İbrahimov (Abbas Mirzə), Nəzrin Abdullayeva (Sarı Çoban qızı), Günəş Təkin (Ağabəyim ağa), Lalə Süleymanova (Markiza Natalya de Lafonje) və Ləman İmanova (Hürü bəyim) çıxış edəcək.

“Baş” XIX əsrin əvvəllərində mənşəcə gürcü olan rus generalı Sisianovun komandanlığı ilə imperiya qoşunlarının Cənubi Qafqazı işğal etməsindən bəhs edir. Tamaşanın süjetini Bakıda Sisianovun başının kəsilib Fətəli şah Qacara göndərilməsi və bundan sonrakı gərgin mənəvi-siyasi hadisələr təşkil edir. Sisianovun başının “səyahəti” geniş bir coğrafiyada - Azərbaycan xanlıqlarında, Gürcüstan çarlıq və knyazlıqlarında, Rusiyada, Qacarlar səltənətində cərəyan edən hadisələri, insan xarakterlərini göstərir.

Tamaşa hadisələrin cərəyan etdiyi coğrafiyada tarixin yeni və fərqli interpretasiyasını əks etdirir.   Rejissorun əsas məqsədi Çar Rusiyası tərəfindən Azərbaycan xanlıqlarının işğalı zamanı şərqli insanın kritik məqamlarda kənar və böyük güc qarşısında necə dayanmasının, seçim anında özünü necə ifadə etməsinin psixoloji mənzərəsini, personajlar qalereyasını göstərməkdir.

Səhnə əsərinə eyni zamanda kastinq yolu ilə seçilmiş beş tələbə-aktyor cəlb edilib. Həmin tələbə-aktyorlar Akademik Milli Dram Teatrının bu tarixi tamaşasında həm epizodik, həm də kütləvi səhnələrdə yer alacaqlar. Bu isə gələcəkdə aktyor bazasının gəncləşdirilməsi, gənc nəslin teatra cəlb olunması üçün ilkin addım hesab olunur.