İncəsənət
İncəsənət

“Ermənilər ciddi danışanda belə insanı gülmək tutur”

“Ermənilər ciddi danışanda belə insanı gülmək tutur”

“Sosial şəbəkələrdə şərhlər yazıldı ki, Vaqif Mustafayev filmin ikinci hissəsini çəksin. Daha sonra Mədəniyyət Nazirliyi və “Azərbaycanfilm” kinostudiyası təklif etdi ki, “Fəryad 2” filmini çəkim. Yəni dövlətin və xalqın sifarişi üst-üstə düşdü. Ssenarini yazdım, çəkiliş başladı, ağır və çətin idi. Çəkiliş prosesi başa çatdı, amma filmin montajı və sair kimi işləri qalıb”. 

OLAY yazır ki, Xalq artisti Vaqif Mustafayev  “Sabahın xeyir, Azərbaycan” proqramında qonaq olarkən deyib.  

Kinorejissor “Fəryad 2” filmindən danışaraq premyeranın dekabrda baş tutacağını bildirib:

“Dekabr ayında tamamilə hazır olacaq. İstəyirik  ki, Zəfər gününə bir töhfə verək. Onu da qeyd edim ki, adı “Fəryad 2”, yaxud da “Deyəsən, həyat gözəldir” olacaq. Ən dəqiqi sonda  bilinəcək. İki film arasındakı əlaqədən, körpüdən danışmaq istəmirəm. Bilirəm ki, tamaşaçılar çox gözləyirlər. Hara gedirəmsə, soruşurlar. Tək onu deyim ki, yaxşı iş alınacaq. Filmin əsas obrazını  Hikmət Rəhimov canlandırır, çox istedadlı aktyordur. Azərbaycanlı rollarında azərbaycanlılar, ermənilərdə digər millətlər, ruslarda da elə rus aktyorlar oynayırlar. Məhz buna görə, kimsə narahat qalmasın”.

Kinorejissor onu da qeyd edib  ki,  ilk “Fəryad” filminin heyətindən bir çoxları vəfat edib:

“Birinci hissəsinin musiqisinin bəstəkarı Cavanşir Quliyev idi. Biz onunla film üçün çox faydalı çalışdıq. İndi isə gənc bəstəkar Tural Məmmədlidir. Bu dəfə gənclərə də yol açdıq. Həm də insan istedadlı olanda yaşı bir önəm kəsb etmir.  Bizim çəkiliş meydançasında da eynən belə idi. Ümumiyyətlə, çəkiliş qrupundan çox razıyam, film yayımlansın, hər kəsə təşəkkürlərimi bildirəcəm. Hər biri əlindən gələni edib”. 

Xalq artisti söyləyib ki, bir gün işğaldan azad edilmiş torpaqlarda “Fəryad” filminin ikinci hissəsini çəkəcəyi ağlına belə gəlməyib:

“Mən kinorejissoram, nə qədər ömrüm qalıbsa, istəyirəm kinoya, xalqıma, dövlətimə fayda verim. Əslində  “Molla Nəsrəddin” filmini çəkməyə hazrlaşırdım.   Sonradan bu sifariş gəldi, dərhal filmin ssenarisini yazdım. Mən hər filmimi tamaşaçı kimi izləyirəm. Fikrimcə, maraqlı və baxımlı olmalıdır, əsas ideya qavranılmalıdır. Azərbaycanın gücü, erməni psixologiyasının xəstəliyi anlaşılmalıdır. Hətta ermənilər ciddi danışanda belə insanı gülmək tutur. Bunların hamısını görəcəyik. Bəzən deyirlər ki, belə tarixi hadisələrdən film çəkmək üçün illər ötməlidir. Amma mən bu cür düşünmürəm. Sanki biz hər an, hər saniyə orada idik. İllər keçməsinə ehtiyac yox idi. Mənim üçün hər bir film riskdir. Kənardan asan görünə bilər, lakin çox çətin işdir. Risk edən insanlara tövsiyə edərdim ki, ağılları başlarında olsun”.