Mədəniyyət Nazirliyi regionlara təşkil olunan qastrol səfərlərini davam etdirir. Məqsəd regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin asudə vaxtının keyfiyyətinin yüksəldilməsi, yerli yaradıcı kollektivlərlə daha sıx ünsiyyətə və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır.
OLAY yazır ki, layihə çərçivəsində noyabrın 11-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı "Cəhənnəm sakinləri" tamaşa ilə Şəki Dövlət Dram Teatrında çıxış edib.
Xalq yazıçısı Elçinin eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru və rəssamı xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rejissor assistenti Dilbər İsmayılova, musiqi tərtibatçısı Kamil İsmayılovdur.
Tamaşada Azər Dadaşovun musiqisindən istifadə olunub. Tamaşada xalq artistləri Məleykə Əsədova (Qadın), Nurəddin Mehdixanlı (Qonaq) əməkdar artistlər Elşən Rüstəmov (Kişi), Mirzə Ağabəyli (Qonşu), aktyorlar Vüsal Mustafayev, Elçin Əfəndi, Ləman İmanova, Rüstəm Rüstəmov, Rada Nəsibova, Ramin Şıxəliyev, Xədicə Novruzlu iştirak edirlər.
Tamaşa 1937-ci ildə milli fəlakət və faciə şəklində bütün ölkəni əhatə edən repressiya hadisələrindən bəhs edir. İnsanlara qarşı həyata keçirilən kütləvi təqib, mənəvi təzyiq ər və arvadı üz-üzə qoyur, onlar böyük qorxunun əsarəti altında satqına çevrilirlər. Günahlarını bir-birindən gizlətməyə çalışsalar da, günlərin birində evlərində peyda olan çağırılmamış qonaq (ər-arvada görə Şeytan) onların əsl mahiyyətini üzə çıxarır, qorxunun insan həyatında hansı faciələrə səbəb olduğunu göstərir.
Səfər çərçivəsində eyni zamanda Akademik Milli Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi İlham Əsgərov və Şəki Dövlət Dram Teatrının Baş rejissoru və direktor vəzifəsini icra edən, Əməkdar incəsənət xadimi Mirbala Səlimli gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıb, "Bölgə teatrlarının Bakı premyerası" layihəsi çərçivəsində Şəki Dövlət Dram Teatrının dekabr ayında iki tamaşa ilə Akademik Milli Dram Teatrında çıxış etməsini müzakirə ediblər..