25 oktyabr 2024-cü il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Yusif Ağayevin “Böyük Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI-XIII əsrlərin hərb sənəti” kitabının təqdimatı keçiriləcək.
OLAY yazır ki, kitabda ilk dəfə olaraq Azərbaycan tarixində mühüm və eyni zamanda az öyrənilmiş məsələlər öz əksini tapıb.
Qeyd edək ki, Y.Ağayev Azərbaycanın orta əsr hərb tarixi məsələlərinə həsr olunmuş bir sıra kitab və məqalələri ilə geniş ictimaiyyətdə tanınır. O, yeni kitabında böyük Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinə hərb tarixinin öyrənilməsi üçün mənbə kimi müraciət edib. Müəllifin fikrincə, şairin “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” və xüsusilə “İsgəndərnamə” əsərləri təkcə orta əsr Azərbaycanının deyil, həm də müsəlman Şərqinin və Türk Dünyasının hərb sənətinin naməlum və ya az tanınan aspektlərini öyrənmək üçün əvəzsiz mənbədir.
Yusif Ağayev belə qənaətə gəlir ki, böyük Azərbaycan şairi Nizami Gəncəvinin əsərləri təkcə yüksək bədii ədəbi əsərlər deyil. Bunlar həm də dərindən araşdırmağa imkan verən tarixi bir mənbə kimi qəbul edilməlidir və bu dövrün hərb sənətinin bütün tərəfləri araşdırmalıdır. Müəllifin fikrincə, Nizami Gəncəvinin hərb sənətinin bütün xüsusiyyətlərini son dərəcə dəqiq ifadə etməsi onun təsvir etdiyi mövzulara realist yanaşmasından irəli gəlir. Kitaba əlavə edilmiş illüstrasiyalar qeyd olunan məqamları görməyə imkan verir.