Görkəmli teatr xadimi, rejissor, Azərbaycan Respublikasının Xalq artisti, professor Azər Paşa Nemətov vəfatının il dönümündə anılıb.
OLAY yazır ki, Mədəniyyət nazirinin müavini Murad Hüseynov və nazirliyin əməkdaşlarının, Akademik Milli Dram Teatrının rəhbərliyinin, mədəniyyət və incəsənət xadimlərinin, eləcə də ailə üzvlərinin iştirakı ilə II Fəxri Xiyabanda mərhum sənətkarın məzarı ziyarət edilib.
Mərasimdə mədəniyyət nazirinin müavini Murad Hüseynov çıxış edərək, görkəmli sənətkarın xidmətlərindən və gənclərə göstərdiyi diqqətdən danışıb.
Xalq artisti Hacı İsmayılov Azər Paşa Nemətovun Teatr Xadimləri İttifaqındakı fəaliyyətindən bəhs edib. Sənətkarın keçdiyi sənət və ömür yoluna nəzər salaraq, xatirələrinin bölüşüb.
Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi Azər Paşa Nemətovun yaddaşlardan silinməyəcək şəxsiyyət olduğunu qeyd edib.
Çıxış edənlərdən əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadə Azər Paşa Nemətovun Azərbaycan teatr tarixində rolundan, müəllifi olduğu tamaşaların əhəmiyyətindən danışıb.
Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli mərhum rejissorun zəngin bioqrafiyasının olduğunu qeyd edərək, onun Azərbaycan rejissurasına verdiyi töhfələri qeyd edib. Azər Paşa Nemətovun tələbəsi, hal-hazırda İsveçdə fəaliyyət göstərən rejissor Əlif Cahangirli ustadının onun fəaliyyətində, təcrübəsinin formalaşmasında, həyat və yaradıcılığında oynadığı rolun və təsirin danılmaz olduğunu qeyd edib.
Mərhumun ailə üzvləri ziyarət mərasimində iştirak edənlərə təşəkkür ediblər.