İncəsənət
İncəsənət

Pərviz Quliyevin 80 illiyi qeyd edildi

Pərviz Quliyevin 80 illiyi qeyd edildi

Yanvarın 11-də Beynəlxalq Muğam Mərkəzində tanınmış kino rəssamı, fotoqraf, Əməkdar mədəniyyət işçisi Pərviz Quliyevin 80 illik yubileyinə həsr olunan gecə keçirilib.

OLAY yazır ki, Mədəniyyət Nazirliyi, C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası, Azərbaycan Dövlət Film Fondunun dəstəyi ilə reallaşacaq tədbirdə tanınmış kino xadimləri yubilyar haqqında ürək sözlərini bölüşüblər.

Əməkdar mədəniyyət işçisi Rahib Azərinin aparıcılıq etdiyi tədbirdə Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxış edərək yubilyarı təbrik edib, onun gördüyü işlərdən danışıb.

Diqqətə çatdırılıb ki, sənətkarın üç dəfə sərgisi təşkil edilib. 2013-cü ildə “Azərbaycanfilm” Kinostudiyasının 90 illik yubileyinə həsr edilmiş fotosərgi böyük maraqla qarşılanıb. O, “Azərbaycanfilm”in, Dövlət Film Fondunun, Naxçıvan Muxtar Respublikası Film Fondunun foyesinin tərtib edilməsində yaxından iştirak edib. Dövlət Film Fondunda keçirilən yubiley tədbirlərində stendlərin hazırlanmasında onun çəkdiyi fotoşəkillərdən istifadə edilir. Lentə aldığı fotolar kinoya həsr olunmuş kitab və jurnallarda, kataloqlarda, eləcə də “Kino ensiklopediyası”nda yer alıb.