Bakıda növbəti beynəlxalq kitab bayramına ev sahibliyi edir. Oktyabrın 6-da Bakı Ekspo Mərkəzində VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı keçirilib.
OLAY yazır ki, açılış mərasimində Baş nazirin müavini Əli Əhmədov, mədəniyyət naziri Anar Kərimov, təhsil naziri Emin Əmrullayev, Türkiyə mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan, bir neçə ölkənin Azərbaycandakı səfirləri, millət vəkilləri, elm və mədəniyyət xadimləri iştirak ediblər.
Mərasimdə çıxış edən mədəniyyət naziri Anar Kərimov bildirdi ki, kitab bəşəriyyətin ən vacib bilik almaq vasitələrindən biridir:
“Azərbaycan mədəniyyətinin inkişafına, milli-mənəvi dəyərlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğı ilə yanaşan dövlətimiz kitaba və mütaliəyə də hər zaman böyük dəyər verir. Təsadüfi deyil ki, 14 illik tarixə malik Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası ölkəmizdə keçirilən müxtəlif sahələr üzrə beynəlxalq tədbirlər sırasında cəmiyyət tərəfindən böyük maraqla qarşılanan və iştirakçı baxımından kütləviliyi ilə seçilən, öncül festivallardan hesab olunur. Builki kitab sərgisi dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə ithaf olunub. Sərgi “Nizami Gəncəvi İli” çərçivəsində bu günə qədər keçirilən tədbirlər arasında iştirakçı sayı və əhatə miqyasına görə ən böyük tədbirdir”.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar sərgi-yarmarkanın əhəmiyyətdən danışdı, kitabın mütaliə vasitəsi kimi hələ də öz dəyərini qoruduğunu vurğulayıb.
Sonda sərginin açılışını bildirən rəmzi lent kəsildi. Tədbir iştirakçıları kitab stendləri ilə yaxından tanış olublar.