Mədəniyyət Nazirliyi Bakı şəhərində ucaldılacaq Çingiz Aytmatovun abidəsi ilə bağlı açıq müsabiqə elan edir
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Türk dünyasının görkəmli nümayəndəsi, Qırğızıstanın Xalq yazıçısı Çingiz Aytmatovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində ucaldılacaq abidəsinin eskiz-layihələrinin hazırlanması üçün heykəltaraşlar arasında açıq müsabiqə elan edir. Müsabiqə 15 iyun – 31 iyul 2023-cü il tarixlərində keçiriləcək.
OLAY yazır ki, Eskiz layihələr Mədəniyyət Nazirliyinin “Heykəltaraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə Ekspert komissiyası”nın üzvləri tərəfindən qiymətləndiriləcək. Layihələrin müzakirəsi qapalı şəraitdə baş tutacaq.
Müsabiqənin qalibi barədə məlumatlar əsas mərhələ başa çatdıqdan 15 gün sonra 15 avqust 2023-cü il tarixində Mədəniyyət Nazirliyinin rəsmi saytında (culture.gov.az) yayımlanacaq. İkinci və üçüncü yeri tutan müəlliflərə müvafiq olaraq 2000 manat və 1000 manat məbləğində pul mükafatı təqdim ediləcək.