Tanınmış qarmon ifaçısı, Xalq artisti, “Şöhrət” ordenli Aftandil İsrafilov vəfat edib.
OLAY yazır ki, sənətçi uzun müddətdir xəstəxanada idi. Qızı onun vəziyyətinin ağır olduğunu bildirmişdi.
Qeyd edək ki, 1941-ci il yanvarın 24-də Bakı şəhərində anadan olan İsrafilov ifaçılıq sahəsində öz dəsti-xətti ilə seçilib.
O, 1961-ci ildə Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Univetsiteti) mülki tikinti fakültəsinə qəbul olub. Qarmona olan marağı onun təhsilini yarımçıq qoyaraq həyatını musiqiyə həsr etməsinə səbəb olub.
A.İsrafilov “Azkonsert”in tərkibində ansambl yaradaraq bədii rəhbərliyini həyata keçirir. Sənətçi 1970-ci ildə Zeynəb Xanlarova ilə birgə Türkiyədə qastrol səfərindən sonra onun ansamblının tərkibində dünyanın dörd bir yanında Azərbaycan musiqisinin təbliği ilə bağlı silsilə konsertlərdə çıxış edir.
Aftandil İsrafilov dinləyicilərin qəlbində silinməz izlər buraxmış “Zemfira”, “Kəmalə”, “Nazilə”, “Aynurə”, “Jalə”, “Basqalı” kimi 100-ə qədər musiqi havasının müəllifidir.
Aftandil İsrafilov Azərbaycan ifaçılıq məktəbinin inkişafındakı müstəsna xidmətlərinə görə 1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına, 2016-cı ildə “Şöhrət” ordeninə layiq görülüb. O, 2003-cü ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.