İncəsənət
İncəsənət

Adil Kərimli bu rayonlara səfər etdi

Adil Kərimli bu rayonlara səfər etdi

Regionlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin iş şəraiti və maddi-texniki bazasının mövcud vəziyyətinin yerində öyrənilməsi məqsədilə mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimlinin rəhbərliyi ilə Mədəniyyət Nazirliyinin nümayəndə heyəti martın 11-də Ağstafa, Qazax, Tovuz və Şəmkir rayonlarında səfərdə olub.

OLAY yazır ki, Ağstafa rayonundakı Heydər Əliyev Mərkəzi, Hüseyn Arif adına şəhər Uşaq musiqi məktəbi, Dövlət Rəsm Qalereyası, rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS), Tarix-Diyarşünaslıq Muzeyi və Mədəniyyət Mərkəzinə baxış keçirilib. Həmçinin rayon Mədəniyyət Mərkəzinin şəhər 1 saylı Folklor klubu, rayon MKS-nin Dağkəsəmən kənd 2 saylı kitabxana filialı və kənd Mədəniyyət evinə baxış olub, yaradılan şəraitdən səmərəli istifadə edilməsi, işin müasir tələblər səviyyəsində qurulmasının vacibliyi diqqətə çatdırılıb.

Qazax rayonuna səfər zamanı Heydər Əliyev Mərkəzi, Ədəbiyyat Muzeyi, Tarix Diyarşünaslıq Muzeyi, MKS, Mədəniyyət Mərkəzi, Qazax Dövlət Dram Teatrı, Dövlət Rəsm Qalereyası, İsrafil ağa hamamı, eləcə də rayondakı bir sıra mədəniyyət müəssisələrinə baxış keçirilib.

Nümayəndə heyəti Qazax Müəllimlər Seminariyasının tarixi binasında fəaliyyət göstərən ADA Universitetinin Qazax Mərkəzinə baş çəkib, təhsil ocağının fəaliyyəti, kompleksdə yaradılmış şəraitlə tanış olub.

Eyni zamanda rayon ərazisindəki "Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğu və Daş Salahlı kəndində yerləşən qoruğun Damcılı filialına da baş çəkilib. Məlumat verilib ki, burada dünya əhəmiyyətli qədim Damcılı mağara düşərgəsi və çox sayda mağaralar yerləşir. Ərazidə ilk dəfə 1953–1957-ci illərdə arxeoloq M.Hüseynov tərəfindən arxeoloji qazıntılar aparılıb və Avey dağında Daş dövrünə aid 30-a yaxın mağara aşkar edilib, buradan iki minə yaxın alət tapılıb. 2015-ci ildə Yaponiyanın Tokio Universiteti Muzeyi, AMEA-nın indiki Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu və “Avey” qoruğu arasında memorandum imzalanıb. Sənədə əsasən, yaponiyalı və azərbaycanlı mütəxəssislər tərəfindən bu ərazilərdə arxeoloji tədqiqatlar davam etdirilir.

Tovuz rayonuna səfər zamanı ilk olaraq bu qəbildən dünyada ilk muzeylərdən olan Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinə baxış keçirilib. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən yaradılan və dövlət başçısının iştirakı ilə istifadəyə verilən müasir standartlara uyğun muzeydə Azərbaycan aşıq sənətinin keçmişini və bugünkü vəziyyətini əks etdirən qiymətli eksponatlar nümayiş olunur.

Sonra Tovuz Dövlət Rəsm Qalereyası, rayon Tarix-Diyarşünaslıq Muzeyi, MKS və 1 nömrəli Qovlar şəhər kitabxana filialı, Heydər Əliyev Mərkəzi, aşıq Əkbər Cəfərov adına rayon Mədəniyyət Mərkəzi, Qovlar şəhər və Düz Qırıqlı kənd folklor evləri, aşıq Əsəd Rzayev adına Uşaq musiqi məktəbi və Qovlar şəhər Uşaq musiqi məktəbi ilə də tanışlıq olub. Qeyd edilib ki, bədii təhsil ocaqları ilə mədəniyyət müəssisələrinin uğurlu əməkdaşlığına nail olunmalı, effektiv birgə fəaliyyətin qurulması diqqətdə saxlanılmalıdır. 

Ölkə başçısının tapşırığı ilə yenidən qurulan, müasir standartlara cavab verən Nizami Gəncəvi adına Tovuz rayon Mədəniyyət evinə də baxış olub. Mərkəzin fəaliyyətinin təkmilləşdirilməsi və canlandırılması istiqamətində müvafiq tapşırıqlar verilib.

Sonra Şəmkir rayonuna gələn nümayəndə heyəti Əhməd Cavad adına Mədəniyyət Mərkəzi, Heydər Əliyev Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Uşaq musiqi məktəbi, Alman Lüteran kilsəsi, MKS və onun Uşaq şöbəsi, Mahir Aslanov adına Düyərli kənd kitabxana filialı, Zəyəm qəsəbə kitabxana filialı və Zəyəm qəsəbə Mədəniyyət evinə baxış keçirib. Müəssisələrin maddi-texniki imkanları, cari vəziyyəti və fəaliyyət istiqamətləri haqqında məlumat verilib.

Qeyd olunan bölgələrə səfər zamanı monitorinq qrupu keçmiş dövrlərdən qalmış, bu günün çağırışlarına cavab verməyən bir sıra infrastruktur obyektlərinə baş çəkib. Heyət tərəfindən qeydlər aparılıb, müvafiq tapşırıqlar verilib.

Musiqi məktəblərinə baxış zamanı müəllim kollektivi və şagirdlərlə görüş olub. Musiqi təhsili ocaqlarında istedadlı, yaradıcı potensiallı uşaqların olduğu müəyyən edilib, onların bacarıqlarının qiymətləndirilməsi və tanıdılmasının vacibliyi diqqətə çatdırılıb.

Bundan əlavə, Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi, Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan Uşaq İncəsənət Festivalının nominasiyalar üzrə regionların hansı mədəniyyət müəssisələrində təşkil ediləcəyi də nəzərdən keçirilib.

Rayonlarda mədəniyyət müəssisələrində mövcud problemlərin aradan qaldırılması, fəaliyyətin səmərəli təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.