Orta Asiyanın ən qədim at cinslərindən biri olan, dözümlülüyü, cəldliyi ilə seçilən Axaltəkə atlarının Türkiyə mətbuatında yeni fotoları yayımlanıb.
OLAY “Qafqazinfo”ya istinadən yazır ki, məlumatda Axaltəkə atlarının Ankarada yaradılmış xüsusi təsərrüfatda yetişdirilərək nəsillərinin davam etdirilməsi üçün qorunduğu, burada müxtəlif idman və peşəkar sahələr üzrə təlimlərə cəlb olunduğu bildirilib.
Qeyd edək ki, tarix boyu hökmdarların və sərkərdələrin üstünlük verdiyi at cinsləri arasında göstərilən Axaltəkələr uzun və incə boyunları, atletik bədən quruluşları, zərif görünüşləri və günəş işığında qızılı rəngə çalan parlaq tükləri ilə diqqət çəkir.
Safqan Axaltəkə atlarının qiyməti onların nəsil xüsusiyyətlərinə və hazırlıq səviyyəsinə uyğun olaraq 50 min dollardan 150 min dollara qədər dəyişir.
Axaltəkə atları özünəməxsus parıltılı tüklərinə görə həm də “Qızıl atlar” adlandırılır, 4000 illik tarixə malik qədim və nadir at cinsidir. Onlar xüsusilə Türkmənistanın milli sərvəti sayılır. Bu atlar köçəri təkə türkmən tayfaları tərəfindən yaradılıb. Adı Türkmənistanın Axal bölgəsindən götürülüb.
Sözügedən atların fotolarını təqdim edirik:














