HBO məşhur serial “House of the Dragon”nun üçüncü mövsümündən ilk rəsmi tizeri yayımlayıb.

OLAY yazır ki, “Game of Thrones” serialının prekvəli olan layihənin yeni mövsümünün 2026-cı ilin iyununda, ikinci mövsümdən təxminən iki il sonra ekranlara çıxacağı bildirilib.

Üçüncü mövsümün ilk tizerində Targarienlər arasında baş verən və “Əjdahaların rəqsi” kimi tanınan vətəndaş müharibəsinin daha da şiddətlənməsi əks olunub. “Qaralar” (Renyra tərəfdarları) və “yaşıllar” (II Eygonu dəstəkləyən fraksiya) arasındakı qarşıdurma dərinləşir. Kadrlarda ordular, əjdahalar və Dəmir Taxt uğrunda mübarizənin əsas məqamlarına çevriləcək irimiqyaslı döyüşlər yer alır.

Serialın üçüncü mövsümü hakimiyyət uğrunda amansız savaşı davam etdirəcək. Hadisələr Corc R. R. Martinin əsərləri əsasında inkişaf edir. Süjetin mərkəzində yenə Renyra Targarien və onunla rəqabət aparan sülalələr – Haytauverlər və Velaryonlar dayanır.

Qeyd edək ki, serial artıq dördüncü mövsümə də uzadılıb və bu mövsüm layihənin finalı olacaq.