Məşhur tanışlıq tətbiqi "Tinder" Azərbaycanda rəsmi qeydiyyatdan keçib. Şirkət İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində vergi uçotuna alınıb.
OLAY yazır ki, bu dəyişiklik platforma istifadəçiləri üçün maliyyə əməliyyatlarının və ödənişlərin daha şəffaf şəraitdə həyata keçirilməsinə imkan yaradacaq. Qeyd edək ki, indiyədək platformada abunəlik və digər daxili xidmətlərdən istifadə zamanı yerli bank kartlarından əlavə olaraq 18 faiz Əlavə Dəyər Vergisi (ƏDV) tutulurdu. Tinder-in rəsmi qeydiyyatından sonra isə xidmətlər üçün sabit qiymət siyasəti tətbiq olunacaq və istifadəçilərin ödənişlərindən əlavə 18% ƏDV kəsilməyəcək.
Xatırladaq ki, son illər ərzində bir sıra digər qlobal rəqəmsal platformalar və oyun nəhəngləri də Azərbaycanda vergi qeydiyyatına duraraq yerli istifadəçilərlə hesablaşmalarını ölkə qanunvericiliyinə tam uyğunlaşdırıblar.
"Tinder" Azərbaycanda rəsmi vergi qeydiyyatına alındı