Alimlər köhnə mobil telefonlar və elektron cihazlardan qızılın sürətli və ekoloji cəhətdən təhlükəsiz üsulla çıxarılmasını mümkün edən yeni texnologiya hazırlayıblar.

OLAY News24.az-a istinadən yazır ki, Çin Elmlər Akademiyası və Cənubi Çin Texnologiya Universitetinin tədqiqatçıları tərəfindən hazırlanmış metod sayəsində köhnə telefonların çap dövrə lövhələrində olan qızıl və palladium kimi qiymətli metallar cəmi 20 dəqiqədən də az müddətdə geri qazanıla bilir.

Mütəxəssislərin bildirdiyinə görə, yeni üsulda zərərli kimyəvi maddələrdən istifadə edilmir və olduqca səmərəlidir. Aparılan sınaqlarda qızılın 98 faizdən çoxu, palladiumun isə 93 faizi uğurla ayrılıb.

Araşdırma nəticələrinə əsasən, təxminən 10 kiloqram elektron lövhədən 1,4 qram qızıl əldə etmək mümkündür. Bu da elektron tullantıların həm iqtisadi, həm də ekoloji baxımdan nə qədər dəyərli olduğunu göstərir.