Əfsanəvi niderlandlı supermodel və “Victoria’s Secret”in keçmiş “mələyi” Karen Müllder alman “Vogue” jurnalının üz qabığı üçün çəkilib.
OLAY yazır ki, moda dünyasında cinsi zorakılıq barədə ilk danışan modellərdən biri olan və bunun ardınca psixiatrik xəstəxanaya yerləşdirilən Müllder 1995-ci ildən bəri ilk dəfə “Vogue”un üz qabığında yer alıb.
Fotosessiya çərçivəsində Karen “Versace”, “Celine”, “Chanel”, “Valentino” və “Saint Laurent” brendlərinin bir neçə dəbli obrazını təqdim edib. O, həmçinin müsahibə verərək həyatında böyük qalmaqala səbəb olmuş hadisələri xatırlayıb.
Supermodel 2001-ci ildə moda dünyasında cinsi zorakılıq və təqiblər barədə açıq danışan ilk şəxslərdən biri olub. Həmin vaxt 31 yaşında olan Karen model agentliklərinin rəhbərləri tərəfindən zorlandığını açıqlayaraq polisə müraciət edib. Onun sözlərinə görə, o, həmin dövrdə hələ Monako şahzadəsi olan Albert tərəfindən də zorakılığa məruz qalıb.
Lakin onun sözlərinə heç kim inanmayıb. Qalmaqallı müsahibəsinin televiziyada yayımlanmaması üçün həmin müsahibənin yazısı silinib. Daha sonra məlumatların mətbuata sızması nəticəsində Karenin açıqlamalarından geniş ictimaiyyət xəbər tutub.
Ailəsi Müllderin narkotiklərlə bağlı problemlərinin olduğunu bildirib və onu psixiatriya xəstəxanasına yerləşdirib. İddialara görə, onun müalicə xərclərini Parisdəki Elite Model Management agentliyinin rəhbəri Jerald Mari ödəyib. Müllder onu da zorakılıqda ittiham etmişdi.
Maraqlıdır ki, Mariyə qarşı ilk ittihamı da məhz Karen irəli sürüb. O zaman iş məhkəməyə qədər gedib çıxmasa da, hazırda Mariyə qarşı bir neçə iddia var. Altı model onu 1980–1990-cı illər arasında zorlama və insan alverində ittiham edib. Qadınların sözlərinə görə, Mari onları spirtli içki içməyə məcbur edir, daha sonra isə zorlayırdı. O, həmçinin modellərlə imkanlı yaşlı kişiləri tanış etdiyi məclislər təşkil edirdi.