Arı
Arı

Sən Pərvizin yanında qalginən, sənə qurban!

Sən Pərvizin yanında qalginən, sənə qurban!

Samirə Ərəblinskaya yazır...

“Quyuya su tökməklə dolmaz”

Səhv etmirəmsə, atalarımızın sözü belə idi... Quyuya su tökməklə dolmur, ya da sulu olmur. Bəzi müğənniləri dinləyəndə də bunu düşünürəm. Fikirləşirəm ki, onlara ha su “töksən” də, dolan deyil.

Məsələn, bu gün Türkan Vəlizadənin “Sənə qurban” mahnısına çəkdirdiyi klipi izlədim, ifasına qulaq asdım. 

Yaxşı, deyək ki, Türkan əsər səsləndirmək istəyib, ona görə də mərhum bəstəkar Ələkbər Tağıyevin ölümsüz şairimiz Mikayıl Müşfiqin sözlərinə bəstələdiyi bu mahnını oxumaq istəyib. Lap yaxşı! Amma Türkan yadından çıxarıb ki, bu sözləri Pərviz Bülbülə yox, Mikayıl Müşfiq yazıb. 

Addakı ağırlığı duyursunuz? O qədər yadından çıxarıb ki, adı belə səhv tələffüz edib. Deyib ki, “Müşviqin yanında qalginən sənə qurban”. Halbuki şeirdə də, mahnının orijinalında da Müşfiqdir! Axı şairin də adı Mikayıl, təxəllüsü Müşfiqdir. Türkan hansı Müşviqi nəzərdə tutur bilmirəm, amma şeir məhz, 29 yaşında repressiya qurbanı olan Mikayıl Müşfiqin qələmindən çıxıb. Məzarsız, qəbirsiz Müşfiqin. Elə ki mahnını dinlədim, musiqiyə qulaq asdım...  Dedim ki, şair, olmayan qəbrinə qurban, qəbrin çat vermədi ki?

Bəlkə, mövzunu çox dramatikləşdirdim, bəlkə də, hələ bu, azdır. Üç dəqiqəlik ifadakı bayağılığa keçək. O, mahnının girişi “Ladies and gentlemen” nədir? Əsəri Türkanın hansısa digər mahnılarından birinin üstünə yapışdırıb, bu da yenilənmiş “Sənə qurban” deyiblər. Mən Ələkbər Tağıyevin musiqisindən, bəstəsindən başqa hər şeyi eşitdim. İndiyə qədər qulağımızı yağır edən nə qədər bayağı mahnı varsa, hamısını eşitdim, di gəl ki, “Sənə qurban”dan bir əlamət duymadım. Bir mahnının qol-budağını necə sındırırlar? Bax, belə! 

Mahnının bir yerində də Emel Sayının “Mavi Boncuk”undan sitat gətiriblər. Yaxşı, öz ustadlarımıza etdiyiniz zülmü keçdim, Emelin günahı nə idi, ay Türkan? Qadın oturub da oturduğu yerdə. Sırf musiqi müəllifi eyni şəxsdir deyə, bir-birindən fərqli sözləri birləşdirmək, kreativ addımdır? Onda əliniz dəymişkən, yunan və ərəb dilində olan versiyaları da qatardınız gözünə... Elə bil ki, Mahmut Orhan sayağı remiks etmək istəyiblər, yenilənmə yarıda qalıb. Bu, fərqli tərz deyil, müəlliflərinə hörmətsizlikdir! “Sənə qurban”ı daha maraqlı üslubda Sevda Ələkbərzadə oxuyub. Ümid edirəm, İçərişəhərdə Türkanın bu ifasını eşitməz...

Türkanın bu layihəsindəki tək düzgün görüntü “Danger” yazılan sarı lentlərdir. Elə bil, “Qulaq asmayın, təhlükəlidir” subliminal mesajı ötürülüb.

Gəlin, qayıdaq, Müşfiq məsələsinə... Deyək ki, insandır, Türkanın tələffüzündə problem olub. Amma... Ay sizə qurban, mahnının təqdimatında, yutubda “Müşviq” yazılıb. Yəni, insan sözlərini oxuduğu şairin adını, imzasını düz bilməzmi?

Hələ bir az haşiyəyə çıxım... Ötən aylarda Vəfa Şərifova ilə Nəfəs də türk mahnılarından ibarət “Mashup” oxuyub. Digər mahnıları nə təhər səsləndiriblər bilmirəm. Amma mənim qulağımı deşib, ürəyimi parçalayan Sezen Aksunun “Firuze”si oldu. Firuzəyə çəkdiyi acılar heç nə etməzdi, amma Vəfayla Nəfəsin “Yüzüm kurusu gibisin, Firuze” deməsi, onu öldürəcək. Orada Aysel Gürel yazıb ki, “Üzüm buğusu gibisin, Firuze”. Yəni, üzümün üstündəki o, buğ kimisən, həsassan, adam toxunmağa qıymır. Bunlar Anadolu türkcəsində “üzüm” olan meyvə adını “yüzüm” deyə tərcümə edib, Firuzəni kişmişə oxşadıblar. Haradan baxsan, orasını-burasını yığmaq olmur. Yəni, quyuya su tökməklə quyu dolmur!

Nə isə, əziz Türkan, sən mənə fikir vermə, onsuz da bu mahnın toylarda “partlayacaq”, trendlərə düşəcəksən, tiktok videoları çəkiləcək. Sənin üçün nə önəmi var e, Müşfiq adının? Xülasə, elə Pərvizin yanında qal, sənə qurban!