Arı
Arı

İnstaqramla ayaqlaşan yaşlı nəsil

İnstaqramla ayaqlaşan yaşlı nəsil

Orta və yaşlı nəsilin arada dövrümüzdən gileylərini eşidirik. Deyirlər, əvvəllər belə deyilmiş, telefonsuz həyatda daha xoşbəxt olublar. Bəlkə də, doğrudur, bilmək olmaz. Həqiqət budur ki, zəmanə dəyişib, dövrlə ayaqlaşmaq elə də pis səslənmir. Məsələn, sosial şəbəkələrdən aktiv istifadə etmək, paylaşımları nəzərdən keçirmək, öz maraq dairənizdə yeni məlumatlar öyrənmək...

Bunların nəyi pisdir ki ? Xüsusilə də sənət adamısınızsa, dərhal gənclərdən kömək alıb, sosial mediada özünüzü göstərməlisiz. Necə ki, bunu bacaran məşhurlar var. 

Yaşını almış, sənətində yüksələ bilmiş elə incəsənət üzvləri var ki, onlar zamanla da ayaqlaşıblar.

Misal üçün, xəbər yerləşdirəndə “Nikolayın dövründə” çəkilmiş şəkillərə möhtac qalmırıq. Səhifələrinə daxil olub, istədiyimiz fotonu seçirik. Həm keyfiyyətli şəkillər paylaşırlar, həm də səhifələri kifayət qədər səliqəli görünür. 

OLAY sosial şəbəkələri “bağrına basan” yaşlı sənət adamlarından yazır... 

Xalq artisti Flora Kərimovanın hər nə qədər yeni şəkilləri paylaşılmasa da, səhifəsinin idarə edilməsi ürəkaçandır. Kərimovanın arxiv videoları, sevilən mahnıları, bəzən baş verənlərə münasibəti, açıqlamaları səliqəli şəkildə izləyicilərə təqdim olunur.

Xalq artisti Mənsum İbrahimov nəinki səhifəsini səliqəli idarə edir, həm də özü keyfiyyətli selfilər çəkir. Xanəndənin paylaşdığı fotolar sayəsində onun haqda yazılan xəbərlərə şəkil əlavə etmək dərdi çəkilmir.

Xalq artisti Afaq Bəşirqızının izləyicisi az olsa da, səhifəsinin idarəetmə sistemi qənaətbəxşdir. Ustad aktrisanın keyfiyyətli şəkilləri, rol aldığı filmlərdən, tamaşalardan səhnələr səhifəsində yerləşdirilir.

Eyni sözü Gülyanaq Məmmədova üçün deyə bilməsək də, Gülyaz Məmmədova instaqramda xeyli aktivdir. Paylaşdığı bəzi şəkillərin keyfiyyəti aşağı olsa da, həm mahnıları, həm də münsif olduğu verilişlə bağlı videoları operativ şəkildə paylaşır. Bacısı ilə ortaq səhifəsini kifayət qədər yaxşı idarə edən Xalq artistinin 342 min izləyicisi var.

Xalq artisti Eldar Mansurov həm instaqram, həm də feysbuk hesabında aktivdir. O, daimi statuslar yazır, öz şəkillərini keyfiyyətli formada bölüşür.  

Xalq artisti Məleykə Əsədova ən çox keyfiyyətli şəkil paylaşan sənətçilərdəndir. Onun fotoşoplu da olsa, həm tamaşalarından, həm də gündəlik həyatından şəkillərini tapmaq çox asandır.

Xalq artisti Nəzakət Teymurovanın səhifəsi də yetəri qədər baxımlıdır. Həm fotoları, həm də videoları keyfiyyətlidir.

Əməkdar artist Gülüstan Əliyeva da sosial şəbəkə hesablarını düzgün idarə etdirən sənətçilər sırasındadır. Onun da hesabında fotoları, verilişlərdən videoları, klipləri, dostları ilə görüntüləri və digər çeşidli paylaşımlarına baxmaq  olar.

Əməkdar artist Rafael İskəndərov instaqrama ötən ilin avqustundan daxil olmağa başlasa da, səhifəsi kifayət qədər aktivdir. Sənətçi həm arxiv şəkillərini, həm yeni videolarını, maraqlı görüntülərini ən keyfiyyətli şəkildə hesabında yerləşdirir. 

Əməkdar artist Elnarə Abdullayevanın 802 minlik səhifəsində yetərincə şəkli, mahnıları ilə bağlı paylaşımları mövcuddur.


Müğənni Manaf Ağayevin də instaqram hesabı kifayət qədər səliqəlidir. Həm də Ağayevin fotoları həddindən artıq çoxdur. Çox vaxt bənzər pozada və fonda çəkilsə də, şəkillərin bolluğu mətbuatın xeyrinədir.

Sultan